Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə 22 İyul – Milli Mətbuat və Jurnalistika Gününə həsr olunmuş “Azərbaycan Mətbuatının Şanlı Yolu” adlı tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Lənkəran MKS-in İnformasiya-resurs şöbəsinin müdir vəzifəsini icra edən Günay Əsədullayeva mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edərək bu əlamətdar günün əhəmiyyətindən, Azərbaycan milli mətbuatının keçdiyi şərəfli inkişaf yolundan, həmçinin dövlət tərəfindən mətbuata göstərilən diqqət və qayğıdan bəhs edib.
Daha sonra Azərbaycan Jurnalistlər Birliyinin Lənkəran rayon təşkilatının sədri, yazıçı-dramaturq Şəfahət Həsənov çıxış edərək milli mətbuatın tarixi, cəmiyyətin inkişafında, milli-mənəvi dəyərlərin qorunması və təbliğində oynadığı mühüm roldan danışıb.
Tədbirdə Qabaqcıl Təhsil İşçisi, “Qızıl Qələm” media mükafatı laureatı Südabə Babayeva, Lənkəran Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova, “Xalq” qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, ictimai fəal, III dəfə respublika mahnı müsabiqəsi laureatı Allahverən Pərvizoğlu, jurnalist Əlisəfa Əhmədov, şair Xudaverdi Cavadov və Əfsanə Sultan Xəlilbəyli çıxış edərək Milli Mətbuat Günü münasibətilə fikirlərini bölüşüb, mətbuat işçilərini peşə bayramı münasibətilə təbrik ediblər.
Sonra 22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin rəhbərliyi tərəfindən bir qrup media nümayəndəsinə mətbuat sahəsindəki səmərəli fəaliyyətlərinə görə Fəxri fərmanlar təqdim olunub.
Həmçinin Azərbaycan Jurnalistlər Birliyi tərəfindən Lənkəran MKS-in direktor vəzifəsini müvəqqəti icra edən Arzuyə Rufullayevaya Milli Mətbuat Gününün Lənkəranda yüksək səviyyədə təşkilinə göstərdiyi dəstəyə görə Fəxri fərman təqdim edilib. Eyni zamanda bir qrup media nümayəndəsinə Azərbaycan Jurnalistlər Birliyinin üzvlük vəsiqələri və müxtəlif təltiflər təqdim olunub.
Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdirərək Milli Mətbuat və Jurnalistika Gününün sevincini birlikdə bölüşüblər.


