GECƏ DÜŞÜNCƏLƏRİ✍️
Gecə hər yan qaranlıqdır,
Az-maz işıqsa yanır.
Bəzi yerdə bir anlıqdır,
Ya heç yanmır, ya yanır.
Gecənin bu zülmətində,
Yerlə göy öz adətində,
Bir tanış üz həsrətində,
Könül hicranda yanır.
Göy qəlbini yerə açır,
Çoxunun yuxusu qaçır.
Ulduzlar ağ işıq saçır,
Səma nura boyanır.
Bu dünyanın işi dərin,
Yox, yeri çox düşünməyin.
Bütün ömrümüz fələyin,
Barmağına dolanır.
Bir gün keçər yaxşı- yaman,
Bu xeyir-şər dünyasından.
Qəlbimizin aynasından,
Ümidimiz boylanır.
Dönər gülə birdən-birə,
Kağız üstə qələmim də.
Çin olmaqçün ürəyimdə,
Neçə arzu dayanır.
Görəndə yaz səhərini,
Unudur hamı dərdini.
Təzələyir ümidini,
Budur, şəhər oyanır.
SEVİNDİK NƏSİBOĞLU
Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının 2-ci kurs tələbəsi, AJB və AYB üzvü
11.07.2026

