Bu gün filoloq, təhsil işçisi və məktəb direktoru Elnur Kərəmovun doğum günüdür.

Kərəmov Elnur Cahil oğlu 17 iyul 1981-ci ildə Lənkəran rayonunun Kərgəlan kəndində anadan olub. Uşaqlıq illərindən elmə və təhsilə böyük maraq göstərən Elnur Kərəmov orta təhsilini başa vurduqdan sonra, 1999-cu ildə Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunub. 2003-cü ildə ali təhsilini uğurla başa vuraraq müəllimlik fəaliyyətinə başlayıb.

2003–2004-cü illərdə Naxçıvan Muxtar Respublikasında hərbi xidmət keçərək Vətən qarşısındakı borcunu layiqincə yerinə yetirib. Hərbi xidmətdən sonra, 2004-cü ildən etibarən Lənkəran rayonu Natiq Aslanov adına Ləj kənd tam orta ümumtəhsil məktəbində müəllim kimi fəaliyyətə başlayıb və 2012-ci ilə qədər burada çalışıb.

2012-ci ildə Direktorların İşə Qəbulu (DİQ) müsabiqəsində yüksək nəticə göstərərək Lənkəran rayonu Balıqçılar qəsəbə tam orta ümumtəhsil məktəbinə direktor təyin edilib. İdarəçilik sahəsində qazandığı təcrübə və uğurlar onun peşəkar təhsil rəhbəri kimi formalaşmasında mühüm rol oynayıb.

2014–2022-ci illərdə Həbib Səfərov adına Kərgəlan kənd tam orta ümumtəhsil məktəbində müəllim kimi fəaliyyətini davam etdirən Elnur Kərəmov bu dövrdə də şagirdlərin bilik və bacarıqlarının inkişafına, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsinə dəyərli töhfələr verib.

2022-ci ildə yenidən DİQ müsabiqəsində uğur qazanaraq Lənkəran rayonu Asif Xəlilov adına Vel kənd tam orta ümumtəhsil məktəbinə direktor təyin olunub. 2024-cü ildən isə rotasiya qaydasına əsasən Namik Həsənov adına Şıxakəran kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində fəaliyyətini davam etdirir.

Elnur Kərəmov yalnız pedaqoji və idarəçilik fəaliyyəti ilə deyil, həm də elmi-publisistik yaradıcılığı ilə seçilir. Rayonun “Məşəl” jurnalında onun 100-ə yaxın elmi-publisistik və bədii məqaləsi dərc olunub. Bu yazılar müəllifin geniş dünyagörüşünü, ədəbi təfəkkürünü və maarifçiliyə bağlılığını əks etdirir.

Təhsil sahəsində səmərəli fəaliyyətinə görə dəfələrlə Fəxri Fərmanlarla təltif olunan Elnur Kərəmov ingilis, rus və türk dillərini bilir, daim öz üzərində çalışan, yeniliklərə açıq və müasir təhsil yanaşmalarını tətbiq edən ziyalı təhsil rəhbəri kimi tanınır.

Doğum günü münasibətilə filoloq Elnur Kərəmovu səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və təhsil sahəsində yeni-yeni uğurlar arzulayırıq!

Xebər24.online

By admin