Dörd gün bundan öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun doğum günü idi. Bu münasibətlə ünvanlanan təbriklərin, xoş sözlərin ardı-arası kəsilmək bilmirdi. Sanki yerli media və sosial şəbəkələr böyük bir təbrik yarışına səhnə olmuşdu. Təbii ki, belə məqamlarda insan xarakterinin müxtəlif rəngləri də dərhal özünü büruzə verir: kimisi sadəcə rəsmiyyət naminə, bəzən də bir qədər canfəşanlıq edərək “gözə girmək” yarışına qoşulmuşdu, kimisi isə tamamilə səmimi qəlbdən, daxildən gələn xoş duyğularla öz arzularını ifadə edirdi. Hər bir halda, dünənki gün Lənkərandakı ictimai-siyasi və mədəni mühit üçün olduqca hərəkətli və diqqətçəkən bir gün kimi yadda qaldı.
Mən həmişə “bəy tərifi” edənlərdən uzaq məsafədə olmuşam. Bu, mənim xislətimə və xarakterimə yad bir hərəkətdir. Qələmim isə məmur özbaşınalıqlarına qarşı hər zaman kəskin olub. Yazılarımda əsas məqsəd qanunların aliliyi, milli-mənəvi dəyərlərin qorunmasıdır. Çünki xalqın milli-mənəvi dəyərlərininin yaşaması elə xalqın özünün yaşaması deməkdir. Şəhidlərimizin xatirəsinin qorunması isə bizim ən ali mənəvi dəyərimizdir. Çünki şəhidə münasibət, əslində, dövlətə və millətə olan münasibətin aynasıdır.
Mən isə burada Taleh müəllim Qaraşovla bağlı bir reallığı — yaşanmış bir həqiqəti bölüşmək istəyirəm.
704 saylı hərbi briqadanın ilk yaradıcılarından olan, həmin briqadanın tərbiyə işləri üzrə müavini işləmiş və 22 avqust 1992-ci il tarixində Ağdərənin Kasapet yüksəkliyi uğrunda gedən döyüşlərdə tank ekipajı ilə minaya düşərək şəhid olan Fəxrəddin Həbibovun əbədiləşdirilmiş adı 1993-1994-cü dərs ilində oxuduğu təhsil ocağından — Lənkəran İnternat Məktəbindən (indiki Xarici Dillər Təmayüllü Gimnaziya) götürülmüşdü. Lakin bu adın götürülməsi barədə heç bir hüquqi əsas yox idi.
İllər öncə aidiyyəti qurumların diqqətini yayındırmaq üçün şəhidin anasına ünvanlanan rəsmi cavab məktublarında bildirilirdi ki, məktəb öz profilini dəyişdiyinə görə, Nazirlər Kabinetinin 1999-cu il tarixli qərarına əsasən, oğlunuz Milli Qəhrəman adını almadığı və ya ən azı iki dəfə fəxri fərmanlarla təltif olunmadığı üçün adı əbədiləşdirilə bilməz.
Çox qəribə, ruhsuz və ağrılı bir məntiq idi. Vətən uğrunda canını verən insanın statusu sənədlərdəki quru bəndlərlə deyil, xalqın qəlbindəki yeri ilə ölçülür. Nazirlər Kabinetinin hansısa qərarını bəhanə gətirərək şəhid anasının qarşısına rəsmi sədlər çəkmək qətiyyən qəbulolunmaz idi. Profili dəyişsə belə, bir təhsil ocağının öz şəhid məzununun adını yaşatması qanundan da öncə mənəvi bir borcdur. İllər uzunu şəhid Fəxrəddin Həbibovun ruhu uca göylərdən qəmli-küskün baxır, anası da bu haqsızlığa yalnız göz yaşları ilə etiraz edirdi.
Ulduzların barışdığı o an isə 2025-ci ilin qışında gəldi. Taleh Qaraşovun Lənkəran rayonunun Osakücə kənd sakinləri ilə keçirdiyi səyyar görüşdə mən də iştirak edirdim. Başçı ilk andan şəhid valideynləri və onların ailələrinin qayğıları ilə maraqlandı. Mən şəhid Fəxrəddin Həbibovun Vətən qarşısında xidmətlərini və onun anasının çəkdiyi mənəvi əzabı başçıya çatdıranda, o, özü də kövrəldi. Bildirdi ki: “Şəhidlər bizim şanlı tariximiz və mənəvi dəyərlərimizdir. Hər birimizin borcudur ki, şəhidlərimizə və onların ailələrinə xüsusi ehtiram, diqqət və qayğı göstərsin”.
Və söz sözlükdə qalmadı. Həmin görüşün səhəri günü şəhid F.Həbibovun adı yenidən əbədiləşdirildi. Bu xəbəri eşidən şəhid anası sanki ömrünün ən sevincli gününü yaşadı, illərdir ürəyini göynədən o ağır yük çiyinlərindən götürüldü.
Mən bir ziyalı və qələm adamı olaraq, şəhid ailələrinə və tariximizə göstərdiyi bu həssaslığa, ədaləti bərpa etdiyinə görə cənab başçıya təşəkkürümü bildirirəm. Doğum günü münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayıram.

ZAHİD HƏBİBOĞLU
AJB-nin (Azərbaycan Jurnalistlər Birliyinin) üzvü
