Mayın 19-da Bakı şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində “UNESCO-nun Yaradıcı Şəhərləri və Dayanıqlı Şəhərsalma” mövzusunda panel sessiya təşkil olunub.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak edib.
Panel sessiyada şəhər mühitində mədəni və yaradıcı sənayelərin rolu, urban transformasiya prosesləri, sosial inklüzivlik və şəhərlərin iqtisadi inkişafa təsiri mövzuları ətrafında geniş müzakirələr aparılıb. Eyni zamanda, mədəni irsin müasir şəhər inkişafına verdiyi töhfələr diqqət mərkəzində olub.
Sessiyada çıxış edən Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil olan Lənkəran, Şəki və Bakı şəhərlərində şəhərsalma istiqamətində mühüm işlər həyata keçirilir.
Tədbir çərçivəsində nümayiş etdirilən qısametrajlı təqdimat filmi isə Lənkəran şəhərinin qastronomiya sahəsindəki potensialını əks etdirib və iştirakçılar tərəfindən maraqla qarşılanıb.

