07 may 2026-cı il tarixində Quba Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq ili” çərçivəsində müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Quba Rayon İcra Hakimiyyəti, Quba Heydər Əliyev Mərkəzi, YAP Quba rayon təşkilatı və Bakı şəhəri “4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı və ADPU-nun Quba filalının təşkilatı dəstəyi ilə “Azərbaycan Vətənim mənim” mövzusunda tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi çərçivəsində Quba Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış müəssisələrin maketlərindən və 4 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzi phş dərnək üzvlərinin hazırladığı rəsmlərdən ibarət “Azərbaycan gənc rəssamların gözü ilə” adlı sərgiyə baxış keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümummilli lider Heydər Əliyev və Qubaya həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə Quba Rayon İcra Hakimiyyəti Başçısının müavini Səidə Abasova, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova , 4 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxsin direktoru Gülarə Quluzadə, Quba Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova, ADPU-nun Quba filialının sosial-humanitar məsələlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva tərəfindən edilən çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, ölkənin inkişafında və gənclərin misilsiz xidmətlərindən bəhs olunub. Həmçinin qeyd olunub ki, Heydər Əliyevin siyasi irsi bu gün də ölkənin inkişaf strategiyasının əsasını təşkil edir və gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda formalaşmasında mühüm rol oynayır.
Tədbirin bədii hissəsində şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, milli musiqi və rəqs nömrələri ilə çıxış edib. Sonda tədbirdə birgə əməkdaşlığa görə qonaqlara təşəkkürnamə, müəllim və şagirdlərə fəxri fərman və təşəkürnamələr təqdim edilib.
Sonda tədbir iştirakçılarının Quba şəhərinin tarixi abidələri və Soyqırım Memorial Kompleksinə ekskursiyası təşkil olunub.

