Şəmkir rayonunun Kür qəsəbəsində Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsinə həsr olunan anım tədbiri təşkil edilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər və Milli Qəhrəmanın silahdaşlarının iştirak etdiyi tədbirdə İsgəndər Aznaurovun həyat və döyüş yolu barədə ətraflı məlumat verilib, onun vətən uğrunda göstərdiyi qəhrəmanlıq xüsusi vurğulanıb.
Tədbir çərçivəsində Kür qəsəbə İsgəndər Aznaurov adına tam orta məktəbin bədii kollektivlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər, musiqilər və səhnəciklər təqdim olunub.
Qeyd olunub ki, İsgəndər Aznaurov 1956-cı il avqustun 16-da Özbəkistan Respublikasının Buxara vilayətində anadan olub. 1980-ci illərin sonlarında Fərqanədə baş verən hadisələrdən sonra onun ailəsi də bir çox ahıska türk ailəsi kimi Azərbaycana köçərək Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşıb. O, 1992-ci ildən Azərbaycan Ordusunda könüllü zabit kimi xidmət edib, Gədəbəy rayonunun Şınıx bölgəsində erməni silahlı dəstələrinə qarşı döyüşlərdə xüsusi şücaət göstərib.
1993-cü ilin yazında şəhid olan İsgəndər Aznaurova Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. Onun adı bu gün yaşayış məntəqəsinə, küçəyə və məktəbə verilib, döyüşdüyü səngər isə “İsgəndər qalası” kimi tanınır.





