Millət Vəkili Lənkəranda vətəndaş qəbulu keçirib

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Anar İsgəndərov təmsil etdiyi 78 saylı Lənkəran kənd seçki dairəsi üzrə növbəti vətəndaş qəbulunu keçirib.

2026-cı il aprelin 18-də Yeni Azərbaycan Partiyasının Lənkəran rayon təşkilatının qərargahında baş tutan qəbul zamanı deputat seçicilərlə fərdi qaydada görüşərək onların müraciət və təkliflərini dinləyib. Görüşdə deputatın köməkçisi Valeh Mikayılov da iştirak edib.

Qeyd olunub ki, aprelin 4-də Milli Məclisin Elm və təhsil komitəsinin təşkilatçılığı, Lənkəran Şəhər İcra Hakimiyyətinin ev sahibliyi və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Lənkəran Dövlət Peşə Təhsili Mərkəzində keçirilən Təhsil Forumuna görə vətəndaş qəbulu həmin həftə təxirə salınaraq bu tarixdə təşkil edilib.

 

Qəbul zamanı əsasən şəhid ailələrinin sosial vəziyyəti, rayonun dağ kəndlərində yerləşən məktəblərdə qaz və yol problemləri, ali məktəblərdə yay məktəblərinin təşkili, müəllimlərin yerdəyişməsi ilə bağlı məsələlər və digər mövzular müzakirə olunub.

Görüşdə iştirak edən şəhid ailələri dövlət başçısı tərəfindən onlar üçün yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər. Təhsil sahəsinə dair bəzi məsələlər isə Regional Təhsil İdarəsinin rəhbərliyi ilə müzakirə olunaraq bir qisminin həlli təmin edilib.