Aprelin 15-də Lerik rayon Heydər Əliyev Mərkəzində Malik Bağışov adına Lerik şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin təbliği məqsədilə maarifləndirici görüş təşkil olunub.
Tədbir çərçivəsində şagirdlər mərkəzin ekspozisiya zalı ilə tanış olublar. Onlara Ümummilli Liderin həyat və fəaliyyəti, eləcə də Azərbaycanın müstəqillik tarixinə dair mühüm məqamları əks etdirən eksponatlar, arxiv sənədləri və fotoşəkillər barədə ətraflı məlumat verilib. Keçirilən ekskursiya məktəblilərin tarixi biliklərinin zənginləşdirilməsində, eyni zamanda vətənpərvərlik ruhunun yüksəldilməsində əhəmiyyətli rol oynayıb.
Görüşün diqqətçəkən məqamlarından biri kimi Ulu Öndər Heydər Əliyevlə lerikli fermer Xanış Şahıyev arasında mövcud olmuş səmimi dostluq münasibətlərini əks etdirən xüsusi fotoalbom nümayiş etdirilib. Tarixi əhəmiyyət daşıyan bu fotolar şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.
Sonda vurğulanıb ki, belə maarifləndirici görüşlər gənclərin vətənpərvərlik ruhunda yetişməsinə və tarixi irsin daha dərindən mənimsənilməsinə töhfə verir.


