Lənkəranda “Kitabların Sehrli Dünyası” adlı açıq hava sərgisi təşkil olunub

Lənkəran Mərkəzi Kitabxanasının (MKS) təşkilatçılığı ilə açıq havada oxucular üçün maraqlı kitab sərgisi təşkil olunub.

 

Tədbirin əsas məqsədi mütaliəyə marağın artırılması, kitabın təbliği və oxucuların asudə vaxtının səmərəli təşkili olub.

Xeber24.online xəbər verir ki,

Sərgidə kitabxanaya yeni daxil olan müxtəlif janrlı nəşrlərlə yanaşı, bölgə yazarlarının əsərləri, həmçinin vətənpərvərlik mövzusunda qələmə alınmış kitablar geniş şəkildə nümayiş etdirilib. Burada həm bədii ədəbiyyat nümunələri, həm də elmi-kütləvi, tarixi və maarifləndirici nəşrlər oxucuların diqqətinə çatdırılıb.

 

Açıq hava şəraitində təşkil olunan sərgi oxucular tərəfindən böyük maraqla qarşılanıb. Müxtəlif yaş qruplarından olan kitabsevərlər sərgiyə yaxınlaşaraq təqdim olunan ədəbiyyat nümunələri ilə tanış olub, öz zövqlərinə uyğun kitabları seçmək imkanı əldə ediblər. Ümumilikdə sərgidə 100-dən çox kitab nümayiş etdirilib ki, bu da tədbirin zənginliyini və əhatəliliyini bir daha göstərib.

 

Sərgi çərçivəsində oxucular arasında fikir mübadiləsi aparılıb, kitabların əhəmiyyəti, mütaliənin insanın dünyagörüşünün formalaşmasında rolu barədə söhbətlər edilib. Bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyi xüsusi vurğulanıb.

 

Tədbir iştirakçıları asudə vaxtlarının səmərəli təşkili, kitabın təbliği və oxucular üçün yaradılan bu gözəl şəraitə görə Lənkəran Mərkəzi Kitabxanasının kollektivinə təşəkkürlərini bildirərək, bu cür sərgilərin davamlı olmasını arzuladıqlarını qeyd ediblər.

 

Allahverən Pərvizoğlu ✍️